Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununu keçirəcək.
Sport-az.com-ın məlumatına görə, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda Niderlandın “Ayaks” klubu ilə qarşılaşacaq. Matç saat 20:45-də başlayacaq və oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Bu qarşılaşma hər iki komanda üçün tarixdə ilk birbaşa matç olacaq.
Bundan əvvəl “Qarabağ” iki dəfə Niderlandın “Tvente” klubu ilə Avropa Liqasının təsnifat mərhələsində qarşılaşıb. 2009-cu ildə hollandlar mərhələni keçib, 2014-cü ildə isə “Qarabağ” mərhələ adlayıb. Buna baxmayaraq, həmin matçlarda Qurban Qurbanovun komandasının qələbəsi olmayıb – 3 heç-heçə və 1 məğlubiyyət.
Hazırda “Qarabağ” Liqa mərhələsinin turnir cədvəlində xalsız olaraq 34-cü yerdədir. Komanda 1-ci turda “Tottenhem”ə 0:3, 2-ci turda isə “Malmö”yə 1:2 hesabı ilə məğlub olub.
“Ayaks” isə aktivində 4 xalla 8-ci yerdə qərarlaşıb. Komanda 1-ci turda “Beşiktaş”ı 4:0 hesabı ilə məğlub edib, 2-ci turda isə “Slaviya” ilə 1:1 bərabərə qalıb.
Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur
20:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland)
Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika Stadionu