Misli Premyer Liqasının lideri “Qarabağ” bu mövsümdə ilk heç-heçəsinə imza atıb.
Sport-az.com xəbər verir ki, Qurban Qurbanovun komandası uzun fasilədən sonra qolsuz bərabərliklə yadda qalıb. Bu nəticə, 12-ci turun “Turan Tovuz” ilə səfər matçında qeydə alınıb.
Ağdam klubu sonuncu dəfə təxminən 2 il əvvəl, 2022-ci il noyabrın 28-də “Zirə” ilə ev oyununda 0:0 hesablı heç-heçə etmişdi. O vaxtdan bəri “Qarabağ” ardıcıl 67 görüşdə ən azı bir qol vurmuşdu.
Bu seriya Azərbaycan çempionatları tarixində 2-ci uzunluqdadır. 0:0 hesabı olmadan keçirilən oyun rekorduna texniki nəticələr nəzərə alınmadan ardıcıl 95 matçla “Şahdağ Qusar” sahibdir. 3-cü yerdə isə 59 oyunluq seriya ilə “Şamaxı” qərarlaşıb.