Qış Olimpiya Oyunları yenidən dünyanın diqqət mərkəzindədir. Planetin ən güclü idmançıları medal uğrunda mübarizə apararkən, tamaşaçılar həm möhtəşəm çıxışların, həm də dramatik anların şahidi olurlar.
Lakin Olimpiya tarixində yalnız rekordlar və qələbələr deyil, qalmaqallar da dərin iz buraxıb. Bu gün Qış Oyunlarının ən çox müzakirə olunan üç səs-küylü hadisəsini xatırlayırıq.
Harding–Kerrigan qalmaqalı (1994)
1994-cü il yanvarın 6-da amerikalı fiqurlu konkisürən Nensi Kerrigan Detroytda məşqdən sonra hücuma məruz qaldı. Maskalı şəxs onun sağ dizinin üst nahiyəsinə metal dəyənəklə zərbə vuraraq hadisə yerindən qaçdı.
Zədə səbəbindən Kerrigan ABŞ çempionatından çəkilmək məcburiyyətində qaldı. İstintaq tezliklə hücumun təşkil olunduğunu üzə çıxardı. Hadisənin əsas fiqurları bunlar idi:
- Şeyn Stint – hücumu həyata keçirən şəxs
- Ceff Gilluli – Toni Hardinqin keçmiş həyat yoldaşı
- Şon Ekardt – planın təşkilatçılarından biri
Məqsəd Kerriganı yarışdan uzaqlaşdıraraq Toni Hardinqə üstünlük qazandırmaq idi. Gilluli, Ekardt və Stint günahlarını etiraf edərək 18–24 ay arası həbs cəzası aldılar.
Hardinq əvvəlcə plan barədə məlumatsız olduğunu bildirsə də, sonradan istintaqa mane olmaqda təqsirli bilinərək ömürlük diskvalifikasiya edildi. Bu qalmaqal idman tarixində rəqabətin kriminal həddə çatdığı ən dramatik hadisələrdən biri sayılır.
Şərqi Almaniyanın diskvalifikasiyası (1968)
1968-ci ildə Fransanın Qrenobl şəhərində keçirilən Qış Olimpiadasında qadınlar arasında lyuj yarışında böyük qalmaqal yaşandı. Şərqi Almaniyanı təmsil edən üç idmançı – Ortrun Enderlayn, Anna-Mariya Müller və Anqela Knösel – diskvalifikasiya olundu. Səbəb kimi onların xizək kirşələrinin metal alt hissələrinin qızdırılması göstərildi. Bu isə sürətin artmasına və daha asan idarəetməyə imkan verən qadağan olunmuş üsul idi.
Bu Oyunlar Almaniyanın bölünməsindən sonra ilk Olimpiya idi və Şərqi Almaniya ayrıca komanda ilə iştirak edirdi. Rəsmi Berlin ittihamları qətiyyətlə rədd edərək bunu siyasi təzyiq kimi qiymətləndirdi və Qərbi Almaniyanın nüfuzdan salma kampaniyası apardığını iddia etdi.
Diskvalifikasiyadan sonra qızıl medal italiyalı Erika Lexnerə, gümüş və bürünc isə Qərbi Almaniya idmançıları Krista Şmuk və Anjelika Dünhaupta verildi. Bu hadisə sonradan Şərqi Almaniyanın Olimpiya tarixində sistemli dopinq və qayda pozuntuları ilə bağlı yaranan reputasiyasının ilkin siqnalı kimi dəyərləndirilir.
Çarlz Jütrounun mübahisəli qələbəsi (1924)
Qış Olimpiya Oyunlarının ilk buraxılışı 1924-cü ildə Fransanın Şamoni şəhərində keçirildi. Yanvarın 26-da amerikalı sürət konkisürəni Çarlz Jütrou 500 metr məsafədə 44 saniyə nəticə ilə qalib gəldi və Qış Olimpiadasında qızıl medal qazanan ilk amerikalı oldu.
Nyu-York ştatında doğulan Jütrou yarışdan əvvəl sürət konkisürməni tərk etmişdi və ciddi məşq etmirdi. Buna baxmayaraq, Norveç və İsveç favoritlərini geridə qoyaraq sensasiyalı qələbə qazandı.
Həmin Oyunlarda vaxt ölçülməsi əl üsulu ilə aparılırdı və soyuq hava şəraitində ölçmələrin dəqiqliyi ciddi şübhə doğururdu. Bir çoxları məhz bu amilin Jütrounun qələbəsində rol oynadığını iddia edirdi. Bununla belə, nəticə rəsmi olaraq təsdiqləndi və idmançı tarixə düşdü.
Qış Olimpiya Oyunları hər zaman idman ruhunun təntənəsi kimi təqdim edilsə də, tarix göstərir ki, böyük səhnənin kölgəsində qalmaqallar da az olmayıb. Bu hadisələr Olimpiya salnaməsinin ayrılmaz hissəsinə çevrilərək yarışların dramatik tərəfini ortaya qoyur.



