“Barselona” və Braziliya millisinin hücumçusu Rafinya uşaqlıqda ona ilham verən futbolçuların adlarını açıqlayıb. Sport-az.com-un Barca Universal saytına istinadla verdiyi xəbərə görə, Rafinya uşaqlıq dövründə xüsusilə bir futbolçunun onun üçün nümunə olduğunu deyib:
“Uşaq vaxtı mənim yalnız bir idolum var idi – Ronaldinyo. Məktəbə gedəndə onun kimi geyinirdim, başıma bant taxırdım, formasını geyinirdim. O, mənim üçün hər şey idi, ona bənzəmək istəyirdim.”
Neymar, Robben, Ronaldo və Messi də ilham mənbəyidir
Rafinya həmçinin futbola marağı artdıqca başqa ulduz futbolçulardan da təsirləndiyini bildirib: “Futbola baxmağa başlayanda Neymar, Robben, Kriştianu Ronaldo və Messi çox xoşuma gəlirdi. Hər birində özümə uyğun bir şey tapırdım. Onlar məni ruhlandırırdılar. Evdə Argentina millisinin formasında Messinin forması var, çünki o mənim üçün – və bütün futbolçular üçün – ideal oyunçudur.”
Rafinyanın “Barselona”dakı statistikasına nəzər
2022-ci ildə İngiltərənin “Lids” klubundan “Barselona”ya keçən braziliyalı hücumçu hazırda komandanın aparıcı oyunçularındandır. Mövsüm ərzində o, 54 matçda:
- 34 qol vurub
- 25 məhsuldar ötürmə verib
Onun transfer dəyəri təxminən 80 milyon avro olaraq qiymətləndirilir. Rafinyanın “Barsa” ilə mövcud müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.