Keçmiş dünya birincisi, 20 dəfə “Böyük dəbilqə” çempionu olmuş məşhur isveçrəli tennisçi Rocer Federer bu ilin iyununda təşkil olunacaq məşhur “24 Saatlıq Le-Man” avtomobil yarışına rəsmi start verəcək.
Yarışın təşkilatçılarının məlumatına görə, 93-cü dəfə keçiriləcək bu əfsanəvi dözümlülük marafonu 14 iyun tarixində başlayacaq. Federerin bu yarışa start verməsi həm idman, həm də avtomobil dünyasında böyük maraqla qarşılanıb.
Rocer Federer hadisə ilə bağlı bildirib:
“Le-Man kimi unikal və çətin bir yarışa start vermək mənim üçün böyük şərəfdir. Həmişə bu yarışda iştirak edən pilotların iradəsinə, dəqiqliyinə və dözümlülüyünə heyran olmuşam. Bu tarixi anın bir hissəsi olmaq mənim üçün unudulmaz təcrübədir.”
Xatırladaq ki, Federer peşəkar idman karyerasını 2022-ci ilin sentyabrında Londonda keçirilən “Laver Cup” turnirində çıxış etdikdən sonra başa vurmuşdu.