Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo, Millətlər Liqasının finalı öncəsi İspaniyanın 17 yaşlı hücumçusu Lamin Yamal haqqında fikirlərini bölüşüb.
Sport-az.com-un məlumatına görə, 40 yaşlı superulduz 8 iyun tarixində keçiriləcək Portuqaliya – İspaniya final qarşılaşması öncəsi təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Biz fərqli nəsillərin nümayəndəsiyik”
Ronaldo Yamal ilə şəxsi rəqabət mövzusuna toxunaraq bu cür müqayisələrin doğru olmadığını bildirib: “Biz fərqli nəsillərin nümayəndəsiyik – biri başlayır, digəri isə sona çatır. Lamin Yamalı mənimlə deyil, Vitinya kimi oyunçularla müqayisə etmək daha düzgündür. Amma bu cür tənqidlərə açığam, qəbul edirəm.”
“Əsas odur ki, Portuqaliya qalib gəlsin”
Ulduz futbolçu mətbuatın bu qarşılaşmanı fərdiləşdirməsinə də münasibət bildirib: “Bu matç əslində fərdi yox, iki milli komandanın duelidir. Anlayıram ki, mətbuat bu qarşılaşmanı qızışdırmaq istəyir – bu, təbiidir. Amma mənim üçün əsas olan Portuqaliyanın yüksək səviyyədə oyun göstərməsi və dünyada ən yaxşı komandalar arasında sayılan İspaniyanı məğlub etməsidir.”
Xatırladaq ki, Ronaldo Millətlər Liqasında son qələbəsini 2019-cu ildə Portuqaliya ilə birlikdə qazanıb və bu turnirdə ikinci dəfə çempion olmaq şansı əldə edib.