Formula 1-in təcrübəli pilotu, keçmiş Red Bull sürücüsü Serxio Peres, Kral avtoidman seriyasına dönüş ehtimalını şərh edib. O, yalnız tam dəyər verdiyi və inandığı layihə olarsa, qayıdacağını bildirib.
Cadillac Pereslə maraqlanır
2026-cı ildə F1-ə qoşulmağa hazırlaşan Cadillac komandası artıq Peresə olan marağını təsdiqləyib. Komanda nümayəndəsi onun adını “potensial namizədlər siyahısında” olduğunu söyləyib.
Peres: “Qayıtmaq üçün motivasiya əsasdır”
Formula1.com-a danışan Peres vurğulayıb ki, yalnız tam olaraq inanıb dəstəklənəcəyi komandaya qayıtmaq niyyətindədir:
“Əgər tam motivasiya edəcək, mənə inanan və təcrübəmi dəyərləndirəcək bir layihə tapsam, bu çox cəlbedici variant olar.”
O bildirib ki, qərar verməzdən əvvəl ən azı altı ay vaxt ayırıb bütün təklifləri dəyərləndirəcək.
Maraqlı təkliflər və gözləntilər
Peres etiraf edib ki, Abu-Dabi Qran Prisi bitdikdən sonra bir neçə komandadan təklif alıb. Mövsümün yeni başlaması ilə gələcək aylarda yeni imkanların da yaranacağını gözləyir.
“Biz bir neçə komanda ilə danışıqlar aparırıq. Bütün variantları öyrəndikdən sonra qərar verəcəyəm. Yalnız mənim üçün mənalı olan bir layihə varsa və ondan zövq ala bilərəmsə, geri dönərəm.”
Peres əlavə edib ki, uzun illər Formula 1-də çıxış etdikdən sonra fasilə ona ailə və şəxsi həyatı üçün nə qədər fədakarlıq etdiyini anlamağa imkan verib.
F1-ə dönüş üçün əsas şərt – güclü motivasiya
Peresin fikrincə, F1-də yarışmaq yalnız fiziki və texniki hazırlıq deyil, həm də psixoloji motivasiyaya əsaslanmalıdır. O, yalnız həqiqətən inanacağı layihə ilə tam şəkildə özünü həsr edə biləcəyini söyləyir.