Azərbaycanın paytaxtı Bakı yenidən gimnastika həvəskarlarının diqqət mərkəzinə çevriləcək.
Sport-az.com-in verdiyi məlumata görə, oktyabrın 16-dan 19-dək Bakıda ilk dəfə olaraq “TeamGym” üzrə Avropa çempionatı keçiriləcək. Bu yarışma üç müxtəlif alətdə çıxışları əhatə edən komanda idman növüdür. İştirakçılar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut) üzərində öz bacarıqlarını nümayiş etdirəcəklər. Avropanın ən güclü komandaları Milli Gimnastika Arenasında çempionluq uğrunda yarışacaq. Tamaşaçılar bu yeni inkişaf etməkdə olan gimnastika növünün həyəcanverici çıxışlarını ilk dəfə yaxından izləyəcəklər.
“TeamGym” Azərbaycanda 2018-ci ildən etibarən inkişaf etdirilməyə başlanılıb. Artıq ölkəmiz bu gimnastika növü üzrə peşəkar idmançılara, təcrübəli məşqçilərə və hakimlərə sahibdir. Bu idman növündə qələbəyə gedən yolda fərdi bacarıqlar qədər komanda işi də olduqca vacibdir. Uğur əldə edənlər həm psixoloji, həm də fiziki cəhətdən güclü olanlardır.
Avropa çempionatında iştirak etmək üçün 14 ölkə qeydiyyatdan keçib. Milli Gimnastika Arenasında keçiriləcək yarışda Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç və ev sahibi Azərbaycan komandalarının idmançıları yarışacaq. Bakıya 268 böyüklər və 230 yeniyetmələr kateqoriyasında olmaqla ümumilikdə 498 idmançı gələcək. Yarışda çıxışları qiymətləndirəcək 28 hakim də bu idman növünün ən bacarıqlı mütəxəssisləridir.
Artıq yarışın təqvimi də açıqlanıb və böyük maraqla gözlənilir.