Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatında – Ultimate Fighting Championship (UFC) – keçirəcəyi növbəti qarşılaşma ilə bağlı iddialı danışıb. 36 yaşlı idmançı braziliyalı rəqibi üzərində qələbə qazanacağına inandığını bildirib.
Musayevin sözlərinə görə, hazırlıq prosesi plan üzrə davam edir: “Bu görüşdə qalib gələcəyimə inanıram. Məşqlərimiz yüksək tempdə keçir. Komanda ilə birlikdə intensiv şəkildə çalışırıq və rəqibin döyüş üslubunu detallı şəkildə analiz edirik”.
Təcrübəli döyüşçü əlavə edib ki, UFC-də hər çıxış onun üçün xüsusi əhəmiyyət daşıyır: “Mənim üçün hər döyüş vacibdir. Daha məsuliyyətli və diqqətli olmalıyıq. Ümid edirəm ki, zəhmətimizin bəhrəsini görəcəyik”.
Las-Veqasda növbəti sınaq
Tofiq Musayev aprelin 4-də ABŞ-ın Las-Veqas şəhərində braziliyalı Samuel Sançes ilə üz-üzə gələcək. Bu, onun UFC-də ikinci qarşılaşması olacaq. O, ötən ilin yayında Bakıda keçirilən turnirdə debüt etmiş və həmin vaxt qırğızıstanlı Mıktıbek Oralbay ilə döyüşdə məğlub olmuşdu.
Musayev üçün qarşıdakı görüş həm reabilitasiya, həm də təşkilatdakı mövqeyini möhkəmləndirmək baxımından böyük önəm daşıyır. Azərbaycanlı döyüşçü azarkeşlərinə uğurlu nəticə bəxş etməyi hədəfləyir və karyerasında yeni səhifə açmaq istəyir.



