Londonun “Tottenhem” klubunun yarımmüdafiəçisi Manor Solomon İsrailə səfər etdikdən sonra ölkəni tərk edə bilmir. The Telegraph nəşrinin məlumatına görə, futbolçunun geriyə qayıtması hava məkanının bağlanması səbəbindən qeyri-mümkün olub.
Futbolçu ötən həftə doğma vətəni İsrailə toy üçün yollanmışdı. Uzun müddətdir birlikdə olduğu partnyoru ilə ailə quran Solomon hazırda ölkədə blokada vəziyyətindədir. Məlum olduğu kimi, 13 iyundan etibarən İranla gərginlik fonunda İsrailin hava məkanı mülki aviasiya üçün bağlanıb.
Solomona yaxın mənbənin verdiyi məlumata görə, futbolçu yalnız hava məkanı açıldıqdan sonra ölkədən çıxmaq imkanına sahib olacaq.
“Tottenhem” klubunun nümayəndəsi isə mətbuata açıqlamasında bildirib:
“Biz bütün oyunçularımızla daimi əlaqə saxlayırıq və onların təhlükəsizliyini daim diqqətdə saxlayırıq.”
Xatırladaq ki, Manor Solomon ötən mövsümü icarə əsasında “Lids” klubunda keçirib. O, Premyer Liqaya vəsiqə qazanan komandanın əsas fiqurlarından biri olub – mövsüm ərzində 10 qol vurub, 12 qol ötürməsi edib.