“Bir peşəkar məşqçi olaraq bütün liqaları, o cümlədən Azərbaycan çempionatını yaxından izləyirəm. Xüsusilə, “Turan Tovuz” kimi daha əvvəl çalışdığım komandaların oyunlarına xüsusi maraq göstərirəm.”
Bu fikirləri Sport-az.com-a açıqlamasında “Turan Tovuz”un keçmiş baş məşqçisi Naci Şensoy deyib.
2002-2003, 2004-2005 mövsümlərində və 2012-ci ildə “Turan Tovuz”da baş məşqçi kimi fəaliyyət göstərən türkiyəli mütəxəssis, hazırda Misli Premyer Liqasında 2-ci pillədə olan keçmiş komandası ilə bağlı təəssüratlarını bölüşüb və komandanın Azərbaycan çempionatına yeni bir rəng qatdığını qeyd edib:
“Hər şeydən əvvəl klub rəhbərliyini təbrik etmək istəyirəm. Əgər onların bu qədər geniş bir baxışları olmasaydı, Kurban Berdıyev kimi təcrübəli bir məşqçini gətirməzdilər. Məşqçi ilə bərabər komandanı quran idman direktorunu da təbrik edirəm. “Turan Tovuz” Azərbaycan çempionatına yeni rəng qataraq əhəmiyyətli bir yer tutur.”
Naci Şensoy komandanın lider “Qarabağ”a qarşı oyunlardakı performansını da vurğulayıb. O, “Turan Tovuz”un bu mövsüm “Qarabağ”ı ilk görüşdə məğlub etdiyini (1:0) və son oyunlarında güclü rəqibinə qarşı bərabər nəticə əldə etdiyini (0:0) xatırladıb: “Mövsümün sonunda yüksək mövqe tutacaqlarını düşünürəm. Çempionatın əvvəlində bir çox komanda yaxşı başlayır, amma mövsüm irəlilədikcə əsl güclərini göstərirlər. “Turan Tovuz” sabit çıxışını davam etdirir. Təsadüfi deyil ki, “Qarabağ”a ilk məğlubiyyəti yaşadan komanda “Turan Tovuz” oldu və son oyunda da bərabərlik qazandılar. Bu, onların sabit performansının göstəricisidir. Mövsümün sonunda da eyni səviyyədə çıxış etsələr, xallar bərabər olsa belə, “Turan Tovuz” çempionluğu qazana bilər. Bu nəticə onların gücünü sübut edir.”
66 yaşlı mütəxəssis, həmçinin, “Qarabağ”ın Avropa Liqasının 4-cü turunda, noyabrın 7-də Norveç təmsilçisi “Bodo Qlimt”lə qarşılaşacağı oyunla bağlı fikirlərini də bildirib: “Bu, “Qarabağ” üçün asan olmayacaq. “Bodo Qlimt” yerli liqada lider mövqedədir və fiziki gücə əsaslanan, duran toplardan istifadə edən bir oyun tərzi var. “Qarabağ” isə texnikalı, passlar üzərində qurulmuş yaradıcı futbol nümayiş etdirir. Bu, iki fərqli oyun tərzinin qarşıdurması olacaq. “Qarabağ”ın standart vəziyyətlərdə diqqətli olması vacibdir. Əgər bunu təmin etsələr, qalib gələcəklərinə inanıram.”



