Premyer Liqanın təmsilçilərindən biri olan “Turan Tovuz”, 2025/2026 mövsümündə yeni ad və loqo ilə çıxış etməyə hazırlaşır. Sport-az.com xəbər verir ki, bu barədə “Report”a klubun infrastruktur və maliyyə üzrə direktoru, İdarə Heyətinin sədr müavini Əli Balakişiyev məlumat verib.
Adın dəyişdirilməsi ilə bağlı AFFA-ya müraciət
Əli Balakişiyev açıqlamasında bildirib ki, komandanın adının “Turan” olaraq dəyişdirilməsi üçün artıq Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) rəsmi məktub göndərilib:
“Turan Tovuz” adının “Turan”la əvəz olunması üçün AFFA-ya müraciət etmişik. Hazırda onların cavabını gözləyirik. Müsbət rəy gəldikdən sonra yeni mövsümə yeni ad və loqo ilə başlayacağıq.”
Yeni loqo üzərində işlər
Klubun yeni adla birlikdə yeni loqoya da sahib olacağı vurğulanıb. Balakişiyevin sözlərinə görə:
“Artıq bir neçə loqo üzərində dayanmışıq. Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev təsdiq etdikdən sonra yeni loqo rəsmi olaraq elan ediləcək. Bunun üçün ilk növbədə klubun adı rəsmən “Turan” olaraq təsdiqlənməlidir.”
“Turan”ın tarixi imicinin bərpası
Yeni adın və loqonun tətbiqi ilə bağlı görülən işlərə toxunan funksioner qeyd edib ki, məqsəd komandanın tarixi imicini bərpa etməkdir:
“Bu gün “Turan Tovuz” klubunda həyata keçirilən işlər göz qabağındadır. “Turan” adı azarkeşlərimiz üçün daha doğmadır və bu addım onların gözləntilərinə cavab verəcək. Ehtiram Quliyev başda olmaqla klub rəhbərliyi komandanın tarixi nüfuzunu bərpa etmək üçün əllərindən gələni edir. Bu dəyişikliklər “Turan Tovuz”un davamçısı olan yeni “Turan” klubunun daha da güclənməsinə xidmət edəcək.”