FIFA-nın 2029-cu ildən etibarən Klublararası Dünya Çempionatını 48 komandalı formata keçirmək planı UEFA tərəfindən bloklanmayacaq. Bu qərar qurum rəhbərləri – Aleksander Çeferin və Canni İnfantino arasında münasibətlərin yaxşılaşmasının növbəti göstəricisi kimi qiymətləndirilir.
Əvvəllər UEFA turnirin genişləndirilməsinə qarşı çıxırdı. Səbəb isə yeni formatın Çempionlar Liqasının statusuna və kommersiya dəyərinə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar idi. Lakin hazırda UEFA müəyyən şərtlə – yarışın iki ildən bir keçirilməməsi təminatı müqabilində – layihəni dəstəkləməyə hazırdır.
Biennial model gündəmdən çıxarılıb
Ötən ilin iyununda Mayamidə keçirilən müzakirələr zamanı “Real Madrid” turnirin iki ildən bir təşkili ideyasını irəli sürmüşdü. Ancaq UEFA və Avropanın milli liqalarının kəskin etirazı səbəbindən bu təşəbbüs inkişaf etmədi.
Son aylarda “Real Madrid” də mövqeyini dəyişib. Klub beş il davam edən hüquqi mübahisəni dayandıraraq Avropa Superliqası layihəsindən rəsmi şəkildə geri çəkildi. Bu addımın FIFA və UEFA rəhbərliyi ilə münasibətlərin normallaşmasına xidmət etdiyi bildirilir.
FIFA prezidenti Canni İnfantino ötən ilin oktyabrında Romada Avropa Klublar Assosiasiyasının baş assambleyasında çıxışı zamanı turnirin böyüdülməsinin gündəmdə olduğunu açıq şəkildə bəyan etmişdi:
“Bu turniri daha böyük, daha keyfiyyətli və daha təsirli etmək yollarını araşdırırıq”.
Maliyyə və kvota məsələsi
Turnirin 32 komandadan 48 komandaya genişləndirilməsi əsasən Avropa klublarının sayının artırılmasına xidmət edəcək. Məlumata görə, UEFA kvotasının 12-dən 16-ya yüksəldilməsi gözlənilir. Bu isə Avropa nəhəngləri üçün əlavə gəlir imkanları deməkdir.
Ötən mövsüm keçirilən turnirin ümumi mükafat fondu 774 milyon funt sterlinq təşkil etmişdi. Qalib “Çelsi” isə təxminən 85 milyon funt qazanmışdı. Məhz bu yüksək maliyyə göstəriciləri bəzi UEFA rəsmilərində Avropa futbolunun balansının pozula biləcəyi ilə bağlı narahatlıq yaradır.
Bununla yanaşı, FIFA hazırda Avropa Liqaları adlı lobbi qrupunun beynəlxalq oyun təqvimi ilə bağlı şikayəti üzrə hüquqi proseslə də üz-üzədir. Məsələ Avropa Komissiyasında araşdırılır.
UEFA ilə FIFA arasında münasibətlər ötən il Paraqvayda keçirilən konqresdə gərginləşmişdi. Həmin vaxt Çeferin və bir sıra Avropa nümayəndələri İnfantinonun gecikməsinə etiraz olaraq zalı tərk etmişdilər. Lakin qarşıdan gələn seçkilər ərəfəsində hər iki rəhbərliyin sabitlikdə maraqlı olduğu bildirilir.
Beləliklə, 2029-cu ildən etibarən Klublararası Dünya Çempionatının 48 komandalı formatda keçirilməsi ehtimalı xeyli artıb və Avropa futbol qurumu bu prosesə əngəl yaratmayacaq.



