UEFA, avrokubokların reglamentində mühüm dəyişikliklərə imza atır. 2025/26 mövsümündən etibarən, pley-off mərhələsində cavab oyununun harada keçiriləcəyi artıq püşk atma ilə deyil, komandaların liqadakı yekun mövqelərinə əsasən müəyyən olunacaq.
Yeni qayda necə işləyəcək?
Yeni sistemə əsasən, liqa mərhələsində daha yüksək yer tutan komanda, pley-off mərhələsinin ikinci oyununu öz meydanında keçirəcək. Bu dəyişiklik Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və Qadınlar Çempionlar Liqasını əhatə edir.
Bu addım UEFA-nın təsadüfiliyə son qoymaq və idman ədalətini artırmaq istəyindən irəli gəlir. Məsələn, əvvəlki mövsümdə “Real Madrid”, liqada “Arsenal”dan (11-ci və 3-cü yerlər) aşağı yerdə qərarlaşsa da, cavab oyununu öz meydanında keçirmişdi. Yeni sistemə əsasən isə oyun Londonda baş tutmalı idi. Oxşar vəziyyət “Barselona” – “Borussiya Dortmund” cütlüyündə də müşahidə olunmuşdu.
Seçmə statusu dəyişə bilər
Qeyd edək ki, bu sistemdə seçilmiş (seeded) komandanın statusu raundlar arasında dəyişə bilər. Əgər aşağı yerdəki komanda daha güclü rəqibini mübarizədən kənarlaşdırarsa, növbəti mərhələdə onun yerini tutacaq və cavab oyununu evdə keçirmək hüququ əldə edəcək.
Məsələn, “Real” “Arsenal”ı keçsəydi, yarımfinalda ev üstünlüyü qazanacaqdı.
UEFA liqa mərhələsinin əhəmiyyətini artırır
UEFA bu dəyişikliklə liqadakı çıxışların əhəmiyyətini artırmaq, daha ədalətli sistem yaratmaq və cavab oyunlarında ev üstünlüyünün motivasiyaedici gücündən istifadə etmək istəyir. Bu həm hesabı qorumaq, həm də tribunaların dəstəyi ilə geridönüş etmək üçün vacib faktor sayılır.
UEFA hesab edir ki, formatdakı əvvəlki dəyişikliklər artıq müsbət nəticələr verib — “Brest” (Fransa), “Bodø/Glimt” (Norveç), “Djurgården” (İsveç) kimi gözlənilməz komandalar ön plana çıxıb.



