ABŞ-ın Mayami şəhərində yerləşən “Kaseya Center” arenası aprelin 12-nə keçən gecə qarışıq döyüş sənətləri üzrə möhtəşəm turnirə ev sahibliyi edəcək. UFC 327 çərçivəsində təşkil olunacaq gecənin əsas qarşılaşması yarım ağır çəkidə vakant çempionluq uğrunda döyüş olacaq.
Turnirin diqqət mərkəzində Çexiyanı təmsil edən İrji Proxazka ilə Yeni Zelandiyadan olan Karlos Ulberq dayanır. Hər iki döyüşçü yüksək formadadır və titul uğrunda mübarizə gərgin keçəcək vəd edir.
Əsas döyüş və favoritlər
İrji Proxazka (32–5–1) sonuncu dəfə 2024-cü ilin iyununda Aleks Pereyraya uduzaraq kəməri əldən versə də, bundan sonra toparlanaraq ardıcıl iki qələbə qazanıb. O, Cəmal Hill və Xalil Rauntri kimi güclü rəqibləri məğlub etməklə yenidən titul yarışına qayıdıb.
Onun rəqibi Karlos Ulberq (13–1) isə hazırda yüksəlişdə olan döyüşçülərdən biridir. Yeni zelandiyalı idmançı ardıcıl doqquz qələbə qazanıb və son görüşündə Dominik Reyesi ilk raundda nokautla məğlub edib. Reytinqdə üçüncü pillədə qərarlaşan Ulberq ikinci yerdə olan Proxazkaya qarşı karyerasının ən vacib döyüşünə çıxacaq.
Gecənin ikinci əsas qarşılaşmasında isə yarım ağır çəkidə Azamat Murzakanov (16–0) ilə braziliyalı Paulo Kosta (15–4) üz-üzə gələcək. Bu döyüş də turnirin ən maraqlı qarşılaşmalarından biri hesab olunur.
Turnirin proqramına əsasən, ilkin döyüşlər gecə saat 01:00-da başlayacaq, əsas kart isə 04:00-da start götürəcək. Gecənin əsas döyüşünün təxminən 06:30-da başlaması gözlənilir.
UFC 327 əsas döyüş kartı:
- İrji Proxazka (32–5–1) – Karlos Ulberq (13–1)
- Azamat Murzakanov (16–0) – Paulo Kosta (15–4)
- Kertis Bleyds (19–5) – Coş Hokitt (8–0)
- Dominik Reyes (15–5) – Conni Uoker (22–9)
- Kab Svonson (30–14) – Neyt Landver (18–7)
Mayamidə keçiriləcək UFC 327 turniri həm titul döyüşü, həm də güclü iştirakçı heyəti ilə ilin ən diqqətçəkən MMA gecələrindən biri olmağa iddialıdır.



