Londonun “Çelsi” klubunun ukraynalı yarımmüdafiəçisi Mixailo Mudrik dopinq testi zamanı müsbət nəticə verib. Bu barədə Sport-az.com məlumat yayıb.
Məlumata görə, Mudrikin oktyabr ayının sonunda götürülən “A” nümunəsində qadağan olunmuş maddə aşkarlanıb. Yaxın günlərdə “B” nümunəsinin də açıqlanması gözlənilir. Hələlik futbolçunun orqanizmində konkret hansı maddənin tapıldığı məlum deyil.
UA-Football nəşri bildirir ki, bu vəziyyət Mixailo Mudrikin 4 ilə qədər futboldan uzaqlaşdırılması ilə nəticələnə bilər. Bu, onun karyerasına ciddi zərbə vura bilər.
Xatırladaq ki, Mixailo Mudrik 2023-cü ilin yanvar ayında Donetsk “Şaxtyor” klubundan “Çelsi”yə 70 milyon avro qarşılığında transfer edilmişdi. Müqavilədə əlavə 30 milyon avroluq bonuslar nəzərdə tutulur. Cari mövsümdə Mudrik 15 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Bütün qollarını UEFA Konfrans Liqasında vurub.
Mudrik sonuncu dəfə 1 dekabr tarixində İngiltərə Premyer Liqasında “Aston Villa” ilə qarşılaşmada “Çelsi”nin heyətində yer alıb.