Azərbaycan yığmasının yeni üzvü, fiqurlu konkisürən Veronika Jilina məşqçi zorakılığına məruz qaldığını açıqlayıb. Onun sözlərinə görə, hadisə hələ 11 yaşı olanda baş verib.
Sport-az-in məlumatına əsasən, Jilina bu barədə qonşu ölkənin mətbuatına müsahibəsində danışıb. O bildirib ki, Sergey Rozanov adlı məşqçisi onun şəxsi sərhədlərini pozmağa çalışıb.
“Təlim-məşq toplanışında Rozanov mənim otağıma gəldi. Otaqda tək yaşayırdım. Uzun müddət məni masaj etməyə razı salmağa çalışdı, amma razı olmadım. Daha sonra zalda da eyni şeyləri təkrarladı. Kislovodskda təlim zamanı, digərləri zalı tərk etdikdən sonra, əlində pivə ilə gəlib mənə ‘məşq keçirdi’”, – deyə 17 yaşlı idmançı bildirib.
Hazırda 17 yaşı olan Veronika Jilina Azərbaycan yığmasına qatılmaq qərarı verib. O, növbəti mövsümdən etibarən ölkəmizin bayrağı altında beynəlxalq yarışlarda çıxış edəcək.
Gənc idmançı 2023-cü ildə Rusiya yeniyetmələr birinciliyində gümüş medal qazanıb və Qran-pri finalında birinci olub. Onun Azərbaycan yığmasına qoşulması ölkəmiz üçün böyük perspektivlər vəd edir, lakin yaşadığı travmatik təcrübə diqqət mərkəzində qalmaqdadır.