Azərbaycan voleybolunda yeni mövsümün başlanğıcı rəsmiləşib. Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında yeni mövsümün püşkatma mərasimi keçirilib. Tədbirdə federasiya və klubların nümayəndələri iştirak ediblər.
Yeni mövsümdə qadınların Yüksək Liqasında 9 komanda mübarizə aparacaq. Onlar bunlardır: “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, həmçinin yeni iştirakçılar “DH Volley”, “Turan” və “Gənclər”. Müsabiqə iki mərhələdən ibarət olacaq: ilkin liqa mərhələsi və pley-off. Liqa mərhələsində komandalar dairəvi sistem əsasında evdə və səfərdə bir dəfə qarşılaşacaq. İlk 8 komanda pley-offa yüksələcək.
Kişilər arasında isə 6 komanda yarışacaq: “Azərreyl”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, ORDU və “Gənclər”. Oyunlar dairəvi prinsipdə ev və səfər olmaqla iki dövrədə təşkil olunacaq. İki dövrənin sonunda ilk dörd yerin sahibi olan komandalar pley-off mərhələsində iştirak hüququ qazanacaq.
Yüksək Liqanın I turu üçün oyun cütlükləri belə müəyyənləşib:
Kişi komandaları arasında:
“Neftçi” – ORDU
“Murov Az Terminal” – “Azərreyl”
“Gənclər” – “Xilasedici”
Qadın komandaları arasında:
“Gənclər” – “Murov Az Terminal”
“Gəncə” – “Azərreyl”
“DH Volley” – “Abşeron”
UNEC – “Milli Aviasiya Akademiyası”
Oyunların keçirilmə vaxtı və yeri barədə əlavə məlumatlar yaxın vaxtlarda açıqlanacaq.