Qadın tennisinin ən nüfuzlu turnirlərindən biri olan WTA Finals ilə bağlı mühüm dəyişiklik gözlənilir. Turnirin təşkilatçıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan ayrılaraq yarış üçün yeni məkan axtarışına başlayıblar.
Bu qərar son iki ildə geniş müzakirələrə səbəb olan Səudiyyə mərhələsinin yekunlaşdığını göstərir. Məlumata görə, 2026-cı ildə keçiriləcək turnir Ər-Riyadda sonuncu olacaq.
WTA rəhbərliyi əvvəlcə Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı uzatmaq niyyətində idi. Təşkilatın icraçı direktoru Portia Archer ötən il verdiyi açıqlamada bu barədə belə demişdi: “Biz üçillik müqavilə imzaladıq və əslində burada daha uzun müddət qalmaqdan məmnun olardıq”.
Bununla belə, WTA ilə Səudiyyə Tennis Federasiyası arasında aparılan danışıqlar yekun razılaşma ilə nəticələnməyib. Nəticədə, tərəflər müqaviləni uzatmamaq qərarına gəliblər və bu, turnirin yeni məkan axtarışını aktuallaşdırıb.
Hazırda WTA Finals üçün alternativ şəhərlərlə bağlı danışıqlar aparılır. Məlumata görə, Şimali Amerikadan bir şəhər 2027-ci ildən etibarən turnirə ev sahibliyi etmək üçün əsas namizədlərdən biri hesab olunur.
Qeyd edək ki, WTA Finals mövsümün yekun turniri kimi dünyanın ən güclü səkkiz tennisçisini bir araya gətirir və qadın tennisində ilin ən vacib hadisələrindən biri sayılır. Bu səbəbdən yarışın keçiriləcəyi şəhər həm idman, həm də kommersiya baxımından böyük əhəmiyyət daşıyır.



