Azərbaycan Premyer Liqasının son mövsümdəki gümüş medalçısı “Zirə” klubu hücumçusu Rafael Utziq ilə bağlı FİFA-ya rəsmi müraciət ünvanlayıb.
Sport-az.com Sportinfo.az-a istinadən xəbər verir ki, klub braziliyalı legionerin müqavilə öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək, məsələni dünya futbol qurumuna çıxarıb. Belə ki, Utziq may ayının sonunda ölkəni tərk etdikdən sonra geri qayıtmayıb və komandanın yeni mövsüm hazırlıqlarına qatılmayıb.
“Zirə” rəhbərliyi FİFA-ya təqdim etdiyi sənədlərdə futbolçunun hələ qüvvədə olan müqaviləyə baxmayaraq düşərgəyə qatılmamasını və bu barədə yazılı sübutları əlavə edib.
Qeyd olunur ki, mövsümün sonunda klub rəsmiləri ilə görüşən Utziq 2026-cı ilin yayına qədər olan müqavilənin qarşılıqlı şəkildə ləğv edilməsini istəyib. O, bu qərarını Avropa və Asiyadan aldığı təkliflərlə əsaslandırıb. Lakin “Zirə” vəziyyəti düzgün qiymətləndirərək onu transfer siyahısına daxil edib və 200 min dollar təzminat qarşılığında satışa çıxarıb.
Buna baxmayaraq, bu günə qədər Utziq üçün real təklif edən klub olmayıb. Futbolçunun klubun təlim-məşq toplanışına qatılmaması isə rəhbərliyi narahat etməyə davam edir. Halbuki, toplanışın vaxtı öncədən bildirilib və legionerə də bu barədə vaxtında məlumat verilib.



