“Zirə” futbol klubuna oyunçunun atası tərəfindən meydana müdaxilə olunmasına görə xəbərdarlıq edilib. “Qafqazinfo”nun məlumatına əsasən, bu qərar AFFA İntizam Komitəsinin iclasında qəbul edilib.
Hadisə sentyabrın 12-də U-16 Liqasında baş tutan “Zirə” və “Mübariz” arasında keçirilən oyundan sonra baş verib. Meydan sahiblərinin futbolçusu Heydərəli Cavadlının atası oyunun ardından meydana girərək baş hakimi təhqir edib. Bu insident səbəbindən AFFA kluba xəbərdarlıq verib. Futbolçunun özü isə, hakimin qərarına etiraz etdiyi üçün 88-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub və bir oyunluq diskvalifikasiya edilib.
AFFA-nın U-16 Liqasında keçirilən başqa bir oyunda isə “Qarabağ” və ASTA komandaları arasında baş tutan qarşılaşmada qonaqların nümayəndəsi Rüstəm Əliyev oyun bitdikdən sonra hakimlər briqadasını təhqir etdiyi üçün qırmızı vərəqə alıb və 5 oyunluq cəza ilə üzləşib.
Bundan başqa, AFFA-nın U-15 Liqasında “Turan Tovuz”un iki futbolçusu – Nəsimi Alıyev və Məcid Abbasov, rəqib oyunçunu təhqir etdikləri və qırmızı vərəqə aldıqları üçün hər biri 3 oyunluq cəzalandırılıb.