İspaniyanın “Real” (Madrid) və “Barselona” basketbol komandaları Avroliqa ilə yollarını ayıraraq, FIBA Çempionlar Liqasına keçmək variantını ciddi şəkildə nəzərdən keçirirlər. Nəşrinə istinadən məlumatına görə, hazırda FIBA turnirində “Səbail” komandası çıxış edir, gələcəkdə isə Azərbaycan Basketbol Liqasının qalibi həmin yarışda iştirak edəcək.
Hər iki nəhəng klub “NBA Europe” layihəsinin startına qədər FIBA Çempionlar Liqasına müvəqqəti keçid edə bilər. “Barselona” və “Real” bu layihə ilə yaxından əlaqədədirlər və onlara təminatlı müqavilələr və əlavə maliyyə stimulları təklif olunub.
Eyni zamanda Avroliqa səhmdarları İspaniya komandalarından ilin sonunadək yeni 10 illik razılaşma imzalamağı tələb edir. Bu müqavilə hazırda 2026-cı ilin iyun ayına qədər qüvvədə olan ilkin müqaviləni əvəz edəcək.
Qeyd olunur ki, “Barselona” və “Real” son vaxtlarda Avroliqa Şurası iclaslarında yalnız müşahidəçi statusundadır. FIBA isə bu keçidin həm turnirin nüfuzunu artıracağını, həm də kommersiya baxımından cəlbedici olacağını hesab edir.
Belə bir halda, əgər İspaniyanın iki böyük klubu FIBA Çempionlar Liqasına qoşularsa, onlar 2026/2027 mövsümündən Azərbaycan komandalarının potensial rəqibləri ola bilərlər. Bu, o deməkdir ki, yaxın gələcəkdə Bakıda “Barselona” və ya “Real”la səviyyəli qarşılaşmaların keçirilməsi mümkündür.
Qeyd edək ki, “NBA Europe” layihəsinin rəsmi startı 2027/2028 mövsümündə planlaşdırılır, amma onun dəqiq başlanma tarixi hələ açıqlanmayıb. Buna görə də İspaniya klublarının FIBA Çempionlar Liqasına keçməsi bu layihə reallaşana qədər müvəqqəti addım ola bilər.



