Serbiyalı tennis ulduzu Novak Cokoviç Qətərin paytaxtında keçiriləcək ATP 500 kateqoriyalı Doha turnirində iştirak etməyəcək. Bu barədə yarışın təşkilatçıları rəsmi açıqlama yayıb.
Məlumata görə, 38 yaşlı tennisçi “Australian Open 2026” turnirində finala qədər irəlilədikdən sonra fiziki durumunu tam bərpa etmək üçün əlavə zamana ehtiyac duyur.
Cokoviç Melburnda keçirilən mövsümün ilk “Böyük Dəbilqə” turnirində həlledici mərhələyə qədər yüksəlsə də, final görüşündə dünya reytinqinin lideri, ispaniyalı Karlos Alkarasa dörd setdə uduzub.
Komandasının qərarına əsasən, serbiyalı idmançı sıx təqvim fonunda riskə getməmək və mövsümün növbəti mühüm yarışlarına hazırlaşmaq üçün Dohadakı startdan imtina edib. Cokoviçin növbəti çıxışı ATP 1000 seriyasına daxil olan “İndian-Uells” turnirində gözlənilir.
Qeyd edək ki, təcrübəli tennisçi son günlər 2026-cı il Qış Olimpiya Oyunlarında da diqqət mərkəzinə düşüb. O, fiqurlu konkisürmə üzrə komanda yarışını tribunadan izləyərək azarkeşlərin marağına səbəb olub.
Dohadakı yarışdan çəkilməsi Cokoviçin mövsüm planlamasında strateji yanaşma seçdiyini göstərir. Təcrübəli serb tennisçi əsas hədəf kimi Masters və “Böyük Dəbilqə” turnirlərini prioritet saxlayır.



