“Barselona” klubu son günlər mediada yayılan və rəhbərliyə qarşı maliyyə cinayətləri barədə irəli sürülən iddialarla bağlı geniş açıqlama yayıb.
Kataloniya təmsilçisi rəsmi bəyanatında vurğulayıb ki, klubun adı hallanan ittihamlar — çirkli pulların yuyulması, əsassız komissiyaların qəbulu və digər maliyyə pozuntuları — həqiqəti əks etdirmir və təqdim olunan sənədlər saxtalaşdırılıb.
Klubun daxilində aparılan yoxlamalar nə göstərdi?
Məlumata görə, 15 yanvar 2026-cı ildə iki media qurumu və OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) jurnalistləri “Barselona” ilə əlaqə saxlayaraq hazırda müzakirə olunan iddialarla bağlı sənədlərin təsdiqini istəyiblər. Klub isə özünün daxili prosedurlarına əsasən təqdim edilən materialları araşdırıb.
Bəyanatda bildirilir ki, həm daxili, həm də xarici müstəqil yoxlamalardan sonra sənədlərin həqiqətə uyğun olmadığı, saxta və ya manipulyasiya edilmiş məlumatlara əsaslandığı müəyyən edilib.
Nəticədə, klub 19 yanvarda jurnalistlərə bu məlumatların yalan olduğunu rəsmən bildirib və onların dərc edilməməsini xahiş edib. “Barselona” qeyd edir ki, bu iddialar müxtəlif milli media qurumlarına da təqdim edilib, lakin faktların yanlışlığı aşkarlandığı üçün həmin qurumların heç biri xəbəri dərc etməyib.
Klubdan sərt hüquqi addımlar
Kataloniya nəhəngi vurğulayıb ki, təqdim olunan yalan məlumatlar klubun imicinə zərər vurmaq məqsədi daşıyır və xüsusilə seçki prosesinin ortasında ortaya çıxması təsadüfi görünmür.
Açıqlamada “Barselona”nın atacağı addımlar da qeyd olunub:
- yalan məlumatların yayılmasında adı hallanan şəxslərə qarşı hüquqi proseslərin dərhal başladılması;
- klubun İntizam Komitəsinə müraciət edilərək həmin şəxslərə ən sərt daxili cəzaların tətbiqi;
- saxta məlumatları bilərəkdən dərc edən media qurumlarına qarşı hüquqi tədbirlərin nəzərdən keçirilməsi;
- səhv məlumatları həqiqət kimi təqdim edən media və ya şəxslərə qarşı qətiyyətli addımların atılması.
Klub həmçinin seçki komitəsinə bütün materialların təqdim ediləcəyini, namizədlərin yalan xəbərlərdən istifadə halları barədə məlumatlandırılacağını bildirib.
“Barselona”: Seçki prosesinə müdaxilə cəhdi qəbulolunmazdır
Bəyanatın sonunda klub bu cür xəbərlərin məhz seçkilər ərəfəsində ortaya çıxmasının narahatlıq yaratdığını qeyd edib:
“Bu cəhd klubun demokratik prosesinə müdaxilədir və üzvlərin qərarlarına təsir göstərmək məqsədi daşıyır. ‘Barselona’ bu manipulyativ addımları qəti şəkildə rədd edir.”
Kataloniya təmsilçisi, hər zaman olduğu kimi, media orqanlarını dərc etdikləri məlumatları dəqiqliklə yoxlamağa çağırıb və klubun adına xələl gətirən əsassız iddiaların qarşısında susmayacağını vurğulayıb.



