Stolüstü tennis üzrə Azərbaycan milli komandasının dörd üzvü Türkiyə Superliqasında mübarizə aparacaq. Yığmanın aparıcı idmançıları mövsümün növbəti turlarında Türkiyə klublarının heyətində rəsmi oyunlara çıxacaqlar.
Türkiyə klublarından dəvət alan idmançılar bunlardır:
- Zemfira Mikayılova – “Masader Spor Klubu”
- Mərziyyə Nurmətova – “Masader Spor Klubu”
- Adil Əhmədzadə – “Spin Point Spor Kulubu”
- Onur Quluzadə – “Spin Point Spor Kulubu”
Onlar Superliqanın üçüncü və dördüncü tur qarşılaşmalarında komandalarına kömək edəcəklər.
Oyunlar Kayseridə baş tutacaq
Çempionat matçları fevralın 28-i və martın 1-də Kayseri şəhərinin idman kompleksində keçiriləcək. Milli komandanın üzvləri artıq Türkiyəyə yola düşüblər və qarşılaşmalara hazırlaşırlar.
Türkiyə Superliqası regionun ən rəqabətli stolüstü tennis liqalarından biri sayılır. Bu çempionatda çıxış etmək idmançılar üçün həm təcrübə toplamaq, həm də beynəlxalq arenada oyun səviyyəsini yüksəltmək baxımından önəmlidir.
Azərbaycan təmsilçilərinin bu liqada iştirakı onların qarşıdakı beynəlxalq yarışlara hazırlığına da müsbət təsir göstərə bilər.



