2026-cı il dünya çempionatının 1/8 final mərhələsində daha iki maraqlı qarşılaşma baş tutub. İspaniya dramatik sonluqla Portuqaliyanı mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib. Digər oyunda isə Belçika ABŞ millisi üzərində inamlı qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.
Merinonun son dəqiqə qolu Ronaldonun mundial karyerasını başa vurdu
Portuqaliya və İspaniya milliləri Arlinqton şəhərindəki AT&T Stadiumunda üz-üzə gəlib. Gərgin və ehtiyatlı keçən qarşılaşmada komandalar uzun müddət hesabı aça bilməyiblər.
Matçın taleyini yalnız əlavə olunmuş vaxt həll edib. 90+1-ci dəqiqədə ehtiyat oyunçular skamyasından meydana daxil olan Mikel Merino fərqlənərək İspaniyaya minimal hesablı qələbə qazandırıb.
Bu görüş 41 yaşlı Kriştianu Ronaldo üçün dünya çempionatlarında son oyun olub. Portuqaliyalı ulduz karyerası ərzində altı mundialda iştirak etsə də, dünya çempionu titulunu qazana bilməyib.
İspaniya 1/4 final mərhələsində ABŞ – Belçika cütünün qalibi ilə qarşılaşacaq.
Dünya çempionatı 2026. 1/8 final
Portuqaliya – İspaniya – 0:1
Qol: Merino, 90+1
Belçika ABŞ-a şans vermədi
Sietldə keçirilən digər 1/8 final qarşılaşmasında Belçika millisi ABŞ üzərində 4:1 hesablı inamlı qələbə qazanaraq turnirdə yoluna davam edib.
Rudi Qarsiyanın komandası oyuna çox fəal başlayıb və artıq 9-cu dəqiqədə Şarl de Ketelarenin qolu ilə hesabı açıb. ABŞ 31-ci dəqiqədə Malik Tillmanın cərimə zərbəsindən sonra tarazlığı bərpa etsə də, sevinci cəmi iki dəqiqə davam edib. 33-cü dəqiqədə yenidən fərqlənən De Ketelare Belçikanı önə keçirib.
İkinci hissədə qonaqlar üstünlüyünü daha da artırıblar. Hans Vanaken 57-ci dəqiqədə hesabı 3:1 edib, əlavə olunmuş vaxtda isə Romelu Lukaku yekun nəticəni müəyyənləşdirib – 4:1.
Bu qələbə sayəsində Belçika dünya çempionatının dörddəbir finalına yüksəlib.
Dünya çempionatı 2026. 1/8 final
ABŞ – Belçika – 1:4
Qollar: Tillman, 31 – De Ketelare, 9, 33, Vanaken, 57, Lukaku, 90+3
Xəbərdarlıqlar: Makkenni, 35, Tillman, 69




