Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatına yekun vurulub. Milli Gimnastika Arenasında təşkil olunan turnirdə Azərbaycan yığması ümumilikdə 7 medal qazanaraq yarışı uğurlu nəticə ilə tamamlayıb.
Komandamızın aktivinə 4 gümüş və 3 bürünc medal yazılıb. Mükafatların altısı yunan-Roma güləşçilərinin, biri isə sərbəst güləş üzrə təmsilçimizin payına düşüb.
İbrahim Həsənov son gündə gümüş medal qazanıb
Çempionatın son günündə 51 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi İbrahim Həsənov final görüşünə çıxıb. Azərbaycan təmsilçisi həlledici qarşılaşmada iranlı Benyamin Mayvana 1:5 hesabı ilə məğlub olaraq dünya çempionatının gümüş medalına sahib olub.
Azərbaycan millisinin medalçıları:
- Əli Cavadlı (45 kq) – gümüş medal
- Abdurrahman Hüseynli (51 kq) – gümüş medal
- İsfahan Həsənov (80 kq) – gümüş medal
- İbrahim Həsənov (51 kq, sərbəst güləş) – gümüş medal
- Ömər Salmanov (48 kq) – bürünc medal
- Elmir Çərkəzov (60 kq) – bürünc medal
- Orxan Həbibli (65 kq) – bürünc medal
Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan komandası üç gümüş və üç bürünc medal əldə edib. Sərbəst güləşçilər isə mundialı bir gümüş medalla başa vurublar. Bakıdakı dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçirilib.



