Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatının başa çatmasının ardından Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü ilə həyata keçirilən “More Than Medals World” inkişaf proqramına start verilib. Layihə Birləşmiş Dünya Güləşi (UWW) və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir və avqustun 3–8-i tarixlərində paytaxt Bakıda davam edir.
Proqramın əsas məqsədi gənc güləşçilərin peşəkar inkişafını sürətləndirmək, onların texniki və taktiki hazırlığını artırmaq, məşqçilərin bilik və bacarıqlarını təkmilləşdirmək, eləcə də təmiz idman prinsiplərini və idman psixologiyası sahəsində maarifləndirməni gücləndirməkdir. Bundan əlavə, layihə müxtəlif ölkələrdən olan idmançılar arasında təcrübə mübadiləsi, dostluq əlaqələrinin qurulması və beynəlxalq əməkdaşlığın genişlənməsinə də töhfə verir.
AMADA antidopinq seminarı təşkil etdi
Layihə çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri iştirakçılar üçün antidopinq mövzusunda maarifləndirici seminar keçiriblər. Təlim zamanı antidopinq qaydalarının pozulması halları, dopinq nəzarəti prosedurları, qadağan olunmuş maddə və metodların sağlamlığa təsiri, həmçinin 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsində nəzərdə tutulan yeniliklər barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda təşkil olunan seminarda iştirakçılar antidopinq mövzusunda keçirilən viktorinada biliklərini sınayıblar. Fəallığı ilə seçilən güləşçilər və məşqçilər AMADA tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Tədbirdə ümumilikdə 20 ölkədən 100-ə yaxın güləşçi və məşqçi iştirak edib. UWW-nin uzunmüddətli inkişaf proqramı hesab edilən “More Than Medals” layihəsi gənc idmançıların həm idman nəticələrinin, həm də şəxsi inkişafının dəstəklənməsini hədəfləyir.



