Rodri “Real”dan imtina etdi: Dünya çempionu “Barselona”nı seçdi

İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri gələcəyi ilə bağlı qərarını verib. DÇ-2026-nın ən yaxşı futbolçusu adına layiq görülən ulduz futbolçu Madrid “Real”ının rəsmi təklifini qəbul etməyərək “Barselona”nın layihəsinə üstünlük verib. Məlumata görə, futbolçunun agenti Pablo Barkero bu qərarı təsdiqləyib və “kral klubu”nun danışıqlardakı peşəkar yanaşmasını xüsusi qeyd edib.

Barkero bildirib:

“Təklif həqiqətən çox yaxşı idi. Biz “Real Madrid”in peşəkarlığını, səviyyəsini və danışıqlar zamanı göstərdiyi hörməti yüksək qiymətləndiririk. Klub Rodrini heyətinə qatmaq üçün ciddi səy göstərdi.”

“Barselona” transferi yekunlaşdırmağa çalışır

Agentin sözlərinə görə, Madrid təmsilçisi ilə danışıqlar müsbət atmosferdə keçsə də, futbolçu sonda başqa layihəni seçib. İspaniya mətbuatının yaydığı məlumata əsasən, Rodri artıq “Barselona”ya ilkin razılıq verib və kataloniyalılar indi “Mançester Siti” ilə transfer məbləği barədə razılığa gəlməyə çalışırlar. İngiltərə klubu futbolçunun müqaviləsinin son ilinə daxil olmasına baxmayaraq, onun üçün təxminən 60 milyon avro tələb edir.

Hazırda “Barselona”nın baş məşqçisi Hansi Flikin yarımmüdafiədə güclənməyə ehtiyacı var. Frenki de Yonqun zədəsi səbəbindən mərkəz xəttində yaranan boşluğun Rodri ilə doldurulması planlaşdırılır. Bundan əlavə, ispan futbolçu milli komandadan bir çox “Barselona” oyunçusu ilə yaxşı anlaşır ki, bu da onun komandaya uyğunlaşmasını asanlaşdıra bilər.

Rodri 2024-cü ildə “Qızıl top” mükafatını qazanıb və 2026-cı il dünya çempionatında göstərdiyi möhtəşəm performansa görə turnirin ən yaxşı futbolçusu seçilib. Onun mümkün transferi yay transfer pəncərəsinin ən səs-küylü keçidlərindən biri hesab olunur.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni