Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazandılar

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Ion Cornianu & Ladislau Simon” beynəlxalq turnirini uğurlu nəticə ilə başa vurublar.

Avqustun 7-dən 9-dək təşkil olunan ənənəvi yarışda Azərbaycan təmsilçiləri ümumilikdə 5 medal əldə ediblər. Onlardan dördü qızıl, biri isə bürünc medal olub.

Dörd güləşçimiz fəxri kürsünün zirvəsində

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında mübarizə aparan yunan-Roma güləşçilərindən Fərid Sadıxlı 55 kq çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi olub. O, 2026-cı ilin martında keçirilən U-23 Avropa çempionatında da finala yüksələrək gümüş medal qazanmışdı.

Azərbaycan millisinin daha üç üzvü də Buxarestdə qızıl medala sahib çıxıb. Fərid Xəlilov 67 kq, Qurban Qurbanov 87 kq, Məzahim Mərdanov isə 130 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

63 kq-da mübarizə aparan İlkin Qurbanov isə turniri üçüncü yerdə tamamlayaraq Azərbaycan komandasının aktivinə bürünc medal əlavə edib.

Beləliklə, yığma Buxarestdəki yarışda 4 qızıl və 1 bürünc olmaqla beş medal qazanıb.

Azərbaycan millisi komanda hesabında ikinci oldu

Fərdi nəticələr Azərbaycan yığmasına komanda sıralamasında da yüksək yer tutmağa imkan verib. Yunan-Roma güləşi üzrə millimiz yekun nəticələrə əsasən turniri ikinci pillədə başa vurub.

“İon Cornianu & Ladislau Simon” təqvimdə böyüklər arasında keçirilən beynəlxalq turnirlərdən biridir və proqramına yunan-Roma, sərbəst və qadın güləşi daxildir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni