UFC-nin keçmiş ulduzu Neyt Diaz Ceyk Polun onun ünvanına səsləndirdiyi yeni çağırışa reaksiya verib. Pol MMA-da debüt etmək niyyətini açıqlayaraq ilk rəqibi kimi məhz amerikalı döyüşçünü görmək istədiyini bildirib.
Diaz sosial şəbəkədə rəqibinə çox qısa, lakin sərt cavab verib:
“Gəl bura, lənətə gəlmiş”.
O, paylaşımına Polun MMA döyüşündə məhz onunla qarşılaşmaq istədiyini bildirdiyi videonu da əlavə edib. Bu reaksiya tərəflər arasında uzun müddətdir müzakirə olunan revanş ehtimalını yenidən gündəmə gətirib.
Pol və Diaz daha əvvəl boksda qarşılaşıblar
Ceyk Pol və Neyt Diaz arasında ilk duel 2023-cü il avqustun 5-də Dallasdakı “American Airlines Center”də boks qaydaları ilə keçirilib. 10 raund davam edən qarşılaşmanın sonunda hakimlər yekdilliklə Polun qələbəsini qeydə alıblar. Hesablar 97:92, 98:91 və 98:91 olub.
Maraqlıdır ki, həmin qarşılaşmadan dərhal sonra tərəflər MMA qaydaları ilə revanş keçirmək imkanından danışmışdılar. Pol o zaman Diazla qəfəsdə qarşılaşmaq üçün 10 milyon dollarlıq təklif irəli sürmüşdü. İndi onun MMA-da debüt planlarının yenidən aktuallaşması köhnə rəqabəti canlandırıb.
Diazın son döyüşü isə 2026-cı ilin mayında Mayk Perriyə qarşı olub. Keçmiş UFC döyüşçüsü həmin qarşılaşmada ikinci raundda texniki nokautla məğlubiyyətə uğrayıb.
Hazırda Pol-Diaz revanşının rəsmiləşdirilməsi ilə bağlı açıqlama yoxdur. Bununla belə, Diazın son reaksiyası onun MMA qaydaları altında ikinci qarşılaşma variantına açıq olduğunu göstərir.





