Azərbaycan təmsilçiləri Türkiyənin Hatay vilayətinin Yayladağı rayonunda keçirilən beynəlxalq aba güləşi yarışında iki medal qazanıblar. Turnir türk dünyasının müxtəlif ölkələrindən gələn idmançıları bir araya gətirib.
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibində yarışan güləşçilərdən Mirfəttah Seyidəliyev və Eyvaz Nəsibli fəxri kürsüyə yüksəlməyi bacarıblar.
Yarışlar 8-9 avqust tarixlərində keçirilən 24-cü Ənənəvi Mədəniyyət, İncəsənət və Aba Güləşi Festivalı çərçivəsində təşkil olunub. Böyüklər arasında beynəlxalq turnirlə yanaşı, müxtəlif yaş qruplarında Türkiyə çempionatının görüşləri də baş tutub. Təşkilatçılar Azərbaycanla yanaşı, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və digər ölkələrdən nümayəndələrin tədbirə qatıldığını açıqlamışdılar.
65 kq çəki dərəcəsində mübarizə aparan Mirfəttah Seyidəliyev rəqiblərini qabaqlayaraq turnirin qalibi olub və Azərbaycan yığmasına qızıl medal qazandırıb.
+90 kq çəki dərəcəsində qüvvəsini sınayan Eyvaz Nəsibli də uğurlu çıxış edib. Azərbaycanlı idmançı mübarizəni üçüncü pillədə tamamlayaraq bürünc medala sahib çıxıb.
Beləliklə, Azərbaycan təmsilçiləri Hataydakı beynəlxalq yarışın fərdi mübarizələrini bir qızıl və bir bürünc medalla başa vurublar.
Komandaların yekun sıralamasında Türkiyə birinci yeri tutub. Özbəkistan ikinci, Azərbaycan isə üçüncü nəticəni göstərib.



