Azərbaycanın Elit/U-23 və gənclərdən ibarət şose velosipedi üzrə milli komandaları qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədilə Gədəbəydə təlim-məşq toplanışına start veriblər. Baş məşqçi Vladimir Buşanskiy və məşqçi Elçin Qasımovun rəhbərliyi ilə keçirilən hazırlıq prosesi 12 gün davam edəcək və əsas diqqət idmançıların fiziki dözümlülüyünün, funksional hazırlığının və yarış formasının yüksəldilməsinə yönəldilib.
Dağlıq relyefi və yüksəklik şəraiti ilə seçilən Gədəbəy velosipedçilərin intensiv hazırlığı üçün əlverişli məkan hesab olunur. Məşqlər zamanı idmançılar müxtəlif marşrutlarda sürüş texnikasını təkmilləşdirəcək, dözümlülük və sürət göstəricilərini artırmağa çalışacaqlar. Bu hazırlıq mərhələsi mövsümün ən vacib yarışları öncəsində komandanın optimal formaya çatmasına xidmət edir.
Qarşıda beynəlxalq yarışlar və Avropa çempionatı var
Toplanış başa çatdıqdan sonra Elit/U-23 millisi avqustun 27–30-da Türkiyədə keçiriləcək UCI 2.2 kateqoriyalı Tour of Samsun yarışında mübarizə aparacaq. Daha sonra komandamız sentyabrın 3–6-da təşkil olunacaq UCI 2.1 kateqoriyalı Tour of Istanbul çoxgünlük veloyürüşündə iştirak edəcək. Hər iki yarış beynəlxalq reytinq xalları baxımından böyük əhəmiyyət daşıyır.
Gədəbəydə keçirilən hazırlıq prosesi oktyabr ayında Sloveniyanın paytaxtı Lyublyanada təşkil olunacaq şose velosipedi üzrə Avropa çempionatı üçün də mühüm mərhələ hesab edilir. Məşqçilər korpusu bu toplanış vasitəsilə idmançıların yarış ritmini yüksəltməyi və mövsümün əsas startlarına maksimum hazır vəziyyətdə yollanmağı hədəfləyir.



