Bakı 2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək

Almaniyanın Frankfurt şəhərində keçirilən 42-ci bədii gimnastika üzrə dünya çempionatının bağlanış mərasimində növbəti mundialın ev sahibi rəsmi şəkildə elan olunub. Simvolik bayraq ötürmə mərasimində dünya çempionatının bayrağı əvvəlcə Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına (FIG), daha sonra isə Azərbaycan nümayəndələrinə təqdim edilib. Beləliklə, 43-cü bədii gimnastika üzrə dünya çempionatının 15–19 sentyabr 2027-ci il tarixlərində Bakıda keçiriləcəyi bir daha təsdiqlənib.

Azərbaycan daha əvvəl də beynəlxalq gimnastika yarışlarına uğurla ev sahibliyi edib və Milli Gimnastika Arenası növbəti dəfə dünyanın ən güclü gimnastlarını qəbul edəcək. Yarışın Dünya Gimnastikasının rəsmi təqvimində təsdiqlənmiş statusu da artıq elan olunub.

Bakıdakı mundial Olimpiya yolunda həlledici mərhələ olacaq

Həm bu il Frankfurtda keçirilən 42-ci dünya çempionatı, həm də 2027-ci ildə Bakıda baş tutacaq yarış 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Xüsusilə Bakıdakı mundial fərdi və qrup proqramlarında daha çox gimnastın Olimpiya vəsiqəsi qazanması üçün mühüm imkan yaradacaq.

2027-ci il dünya çempionatı Olimpiya təsnifatının əsas mərhələlərindən biri hesab olunur. Yarışda yüksək nəticə göstərən idmançılar və komandalar Los-Anceles-2028-ə vəsiqə uğrunda mübarizədə vacib üstünlük əldə edəcəklər. Bu səbəbdən Bakıda keçiriləcək mundiala dünyanın aparıcı gimnastika ölkələrinin ən güclü heyətlə qatılması gözlənilir.

Azərbaycanın növbəti dəfə belə nüfuzlu yarışa ev sahibliyi etməsi ölkənin beynəlxalq idman tədbirlərinin təşkili sahəsində qazandığı etimadın növbəti göstəricisi hesab olunur. Dünya çempionatı zamanı minlərlə azarkeş, idmançı, məşqçi və rəsmi nümayəndənin Bakıya gəlməsi gözlənilir ki, bu da həm ölkənin idman nüfuzunun, həm də turizm potensialının tanıdılmasına töhfə verəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni