Lionel Messinin Argentina millisindən ayrılmasından sonra onun əfsanəvi 10 nömrəli formasının taleyi ilə bağlı mühüm detal məlum olub. Argentina Futbol Assosiasiyası (AFA) bu nömrəni dövriyyədən çıxarmaq istəsə də, rəsmi beynəlxalq turnirlərdə bunu etmək mümkün olmayacaq.
AFA prezidenti Klaudio Tapia daha əvvəl Messinin milli komandadakı karyerasını başa vurmasından sonra 10 nömrəli formanı istifadədən çıxarmaq istədiklərini açıqlamışdı. Lakin FIFA turnirlərində tətbiq edilən nömrələmə qaydaları Argentinaya belə bir addım atmağa imkan vermir.
“10 nömrə” başqa futbolçuya veriləcək
Dünya çempionatı kimi böyük FIFA turnirlərində iştirak edən komandaların yekun heyətində futbolçular üçün müəyyən edilmiş ardıcıl nömrələrdən istifadə olunur. 26 nəfərlik heyət təqdim edildikdə oyunçular 1-dən 26-ya qədər nömrələnir. Buna görə də 10 nömrəni boş saxlamaq mümkün deyil və gələcəkdə bu forma Argentina millisinin başqa futbolçularından birinə verilməli olacaq.
Argentina yığmasının yoldaşlıq görüşlərində isə vəziyyət fərqlidir. Belə qarşılaşmalarda komanda Messiyə hörmət əlaməti olaraq 10 nömrəli formanı istifadə etməmək imkanına malikdir.
Messi Argentina millisində 10 nömrənin əsas simasına çevrilib. O, yığma ilə 2022-ci il dünya çempionatını, 2021 və 2024-cü illərdə Amerika Kubokunu, həmçinin 2022-ci ildə Finalissima turnirini qazanıb.
Mövcud plana əsasən, Messinin Argentina millisində son oyunu oktyabrın 7-də Benin yığmasına qarşı keçirilməlidir. Bundan sonra rəsmi turnirlərdə Argentinanın məşhur 10 nömrəli formasını hansı futbolçunun geyinəcəyi əsas suallardan birinə çevriləcək.





