İdman Arbitraj Məhkəməsi (CAS) 2025-ci il Afrika Millətlər Kubokunun qalibi ilə bağlı mübahisəyə yekun qoyub. Seneqal Futbol Federasiyasının apellyasiya müraciəti təmin edilib və milli komandanın çempionluq hüququ bərpa olunub.
Qərara əsasən, Afrika Futbol Konfederasiyasının (CAF) Mərakeş yığmasını turnirin qalibi elan etməsi barədə əvvəlki qərarı qüvvədən düşüb. Beləliklə, Seneqal yenidən Afrika çempionu statusunu əldə edib.
Seneqal və Mərakeş arasında finalda nə baş vermişdi?
Yanvarın 18-də Mərakeşin paytaxtı Rabatda təşkil olunan final qarşılaşmasında Seneqal meydan sahiblərinə əlavə vaxtda 1:0 hesabı ilə qalib gəlmişdi. Görüşün yeganə qolunu Pap Qeye vurmuşdu.
Lakin matçın əsas vaxtının son dəqiqələrində mübahisəli hadisə yaşanmışdı. Mərakeşin xeyrinə penalti təyin olunmasına etiraz edən Seneqal futbolçuları müvəqqəti olaraq meydanı tərk etmişdilər.
Qarşılaşma yenidən başladıqdan sonra Mərakeş millisinin üzvü Brahim Dias 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməmişdi.
CAF-ın qərarı CAS tərəfindən ləğv edildi
Martın 17-də CAF-ın Apellyasiya Komitəsi Seneqal futbolçularının meydanı tərk etməsini turnirin qaydalarının pozulması kimi qiymətləndirmişdi. Nəticədə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilmiş və Mərakeş qalib elan olunmuşdu.
Seneqal Futbol Federasiyası bu qərarı qəbul etməyərək martın 25-də CAS-a şikayət ünvanlamışdı. Tərəflərin arqumentləri oktyabrın 8-də İsveçrənin Lozanna şəhərində keçirilən dinləmədə nəzərdən keçirilmişdi.
CAS yekun qərarında hakimin oyunu davam etdirməsinə və qarşılaşmanın başa çatmasına əsaslanıb. Məhkəmə CAF-ın apellyasiya qərarını ləğv edərək finalın meydanda qeydə alınmış 1:0 hesablı nəticəsini qüvvədə saxlayıb.
Beləliklə, Seneqal millisinin 2025-ci il Afrika Millətlər Kubokundakı çempionluğu rəsmən təsdiqlənib.





