Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin daha üç üzvü növbəti mərhələyə yüksəlib. Yarışın ikinci günündə Alsu Yafarova, Cəmilə Muradlı və Şükar Əliyev rəqiblərini mübarizədən kənarlaşdırıblar.
54 kq çəki dərəcəsində çıxış edən Alsu Yafarova 1/8 finalda belaruslu Hanna Belyankova ilə qarşılaşıb. Azərbaycan təmsilçisi döyüşün ilk raundunda böyük üstünlük nümayiş etdirərək vaxtından əvvəl qələbə qazanıb. Yafarova oktyabrın 7-də növbəti görüşünü ukraynalı Oleksandra Çerevata qarşı keçirəcək.
Cəmilə Muradlı isə 57 kq çəkidə 1/4 finala vəsiqə əldə edib. O, ilk qarşılaşmasında rumıniyalı Sara Persanı hakimlərin yekdil qərarı ilə 5:0 hesabı ilə məğlub edib. Hakimlərin xalları 30:24, 30:24, 30:25, 30:26 və 30:27 olub. Muradlı oktyabrın 8-də çexiyalı Rozali Uhrova ilə qarşılaşacaq.
Şükar Əliyev də mübarizəni davam etdirir
80 kq çəki dərəcəsində rinqə çıxan Şükar Əliyev 1/16 finalda polşalı İqor Tomiçeklə üz-üzə gəlib. Azərbaycan boksçusu gərgin keçən döyüşü 4:1 hesablı qələbə ilə başa vurub. Hakimlər qarşılaşmanı 30:27, 29:28, 29:28, 30:27 və 28:29 hesabları ilə qiymətləndiriblər.
Əliyevin növbəti rəqibi ilk mərhələdən azad olan Gürcüstan təmsilçisi Lazare Dokvadzedir. Onların 1/8 final görüşü oktyabrın 5-də keçiriləcək.
Azərbaycan Budvadakı qitə çempionatında ümumilikdə 21 boksçu ilə təmsil olunur. Komandanın heyətində 8 qız və 13 oğlan mübarizə aparır. Anar Nağdıyev və Qalib Əbiyev isə turnirdə Azərbaycanı hakim kimi təmsil edirlər.
U-17 Avropa çempionatında 40 ölkədən 473 boksçu – 314 oğlan və 159 qız iştirak edir. Yarışa oktyabrın 11-də yekun vurulacaq.





