Monteneqronun Budva şəhərində təşkil ediləcək 19 yaşadək boksçular arasında dünya birinciliyində iştirak edəcək Azərbaycan milli komandasının tərkibi bəlli olub. Azərbaycan Boks Federasiyasının yaydığı rəsmi məlumata görə, oktyabrın 16-da pərdəsi açılacaq və 12 gün boyunca davam edəcək mötəbər yarışda ölkəmiz ümumilikdə doqquz dəri əlcək ustası ilə təmsil olunacaq.
Məşqçilər heyəti çempionatda qüvvəsini sınayacaq heyəti artıq müəyyənləşdirib. Qlobal turnirdə fəxri kürsüyə yüksəlmək uğrunda mübarizə aparacaq yığmamızın tərkibi aşağıdakı kimi formalaşıb:
- Oğlanlar (baş məşqçi Elbrus Rzayev): Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (80 kq) və Səfdər Məmmədzadə (+90 kq);
- Qızlar (baş məşqçi İlkin Ağayev): Banuçiçək Nəsirli (48 kq) və Gülər Hüseynova (51 kq).
Mundialda ölkəmiz təkcə idmançılarla deyil, ədalət təmsilçiləri ilə də diqqət mərkəzində olacaq. Belə ki, nüfuzlu yarışın qarşılaşmalarını idarə edəcək hakimlər heyətində təmsilçimiz Emil Qurbanəliyev yer alacaq, Anar Babanlı isə referilərin idarəçilik səviyyəsini qiymətləndirən mütəxəssis qismində fəaliyyət göstərəcək.





