Tennis əfsanəsi Sten Vavrinka karyerasını Bazeldə başa vurdu

İsveçrəli məşhur tennisçi Sten Vavrinka peşəkar karyerasının sonuncu görüşünü doğma ölkəsində keçirib. 41 yaşlı idmançı Bazeldə təşkil olunan ATP 500 kateqoriyalı turnirin ilk mərhələsində məğlub olaraq yarışla vidalaşıb. Üçqat “Böyük Dəbilqə” çempionu bununla uzun illər davam edən tennis karyerasına nöqtə qoyub.

Dünya reytinqində 151-ci pillədə qərarlaşan Vavrinka ilk raundda ATP sıralamasının 21-ci raketkası, çexiyalı İrji Leheçka ilə qarşılaşıb. İsveçrəli tennisçi rəqibinə iki setdə — 5:7, 6:7 (2:7) hesabı ilə uduzub.

Tennis əfsanəsi Sten Vavrinka karyerasını Bazeldə başa vurdu

Vavrinka karyerası ərzində 16 ATP titulu qazanıb

Sten Vavrinka peşəkar tennisdə qazandığı böyük uğurlarla yadda qalıb. İsveçrə təmsilçisi karyerası boyunca ATP səviyyəsində 16 titul əldə edib. Onlardan üçü “Böyük Dəbilqə” turnirlərinə təsadüf edib.

Vavrinka 2014-cü ildə Australian Open, 2015-ci ildə Rolan Qarros, 2016-cı ildə isə US Open turnirinin qalibi olub.

O, 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında Rocer Federerlə birlikdə kişilərin cütlük yarışında qızıl medal qazanıb. Tennisçi 2014-cü ildə İsveçrə millisinin heyətində Devis Kubokunun da qalibi olub.

Bazeldəki son matçından bir gün əvvəl mərkəzi kortda Vavrinkanın şərəfinə xüsusi mərasim təşkil edilib. Tədbir zamanı Rocer Federer, Endi Marrey, Martina Navratilova və Con Makinroyun videomüraciətləri nümayiş etdirilib.

Cenevrədə əfsanəvi tennisçilərin iştirakı ilə vida gecəsi keçiriləcək

Vavrinkanın karyerasına həsr olunmuş yekun tədbir dekabrın 19-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq. “One Last Backhand” (“Sonuncu bekhend”) adlı nümayiş turnirində Rocer Federer, Endi Marrey və Qael Monfis də iştirak edəcəklər.

Tədbir Cenevrədəki Palexpo kompleksində təşkil olunacaq. Tennis həvəskarları burada Vavrinkanın 24 illik peşəkar karyerasının yekununa həsr edilmiş xüsusi proqramı izləyə biləcəklər.

Qeyd edək ki, Vavrinka 2014-cü ildə dünya reytinqində üçüncü pilləyə yüksəlib və ATP turunda ümumilikdə 590 qələbə qazanıb.

Bazeldə onu məğlub edən İrji Leheçka isə növbəti mərhələdə almaniyalı Daniel Altmayerlə qarşılaşacaq.

ATP 500 Bazel. Sərt örtük, 1/16 final

Sten Vavrinka (İsveçrə) [WC] – İrji Leheçka (Çexiya) [8] – 5:7, 6:7 (2:7)

https://x.com/TennisTV/status/2115202353447973121?s=20

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni