Amerikalı əfsanəvi tennisçi Serena Vilyams italyan tennisçi Yannik Sinnerin dopinq qalmaqalı ilə bağlı fikir bildirib. O, TIME jurnalına verdiyi müsahibəsində Sinnerin cəzasını çox yüngül hesab etdiyini vurğulayıb.
2024-cü il mövsümündə iki dəfə dopinq testində pozitiv nəticə verən və qadağan olunmuş maddə – klostebolun aşkarlanması səbəbilə Yannik Sinnerə 2025-ci ilin fevralından etibarən 3 aylıq yarış qadağası tətbiq edilib. Bu qərar idman aləmində mübahisələrə səbəb olub.
Serena Vilyams bu məsələ ilə bağlı emosional açıqlama verib:
“Yannik əla insandır. Mən onu sevirəm, oyun tərzinə heyranam. O, tennis üçün çox önəmlidir. Mən dəfələrlə haqsızlığa məruz qalmışam və buna görə kimisə alçaltmaq istəmirəm. Amma gəlin açıq danışaq – əgər mən onun yerində olsaydım, mənə 20 illik cəza verərdilər və bütün Qrand Slam titullarımı əlimdən alardılar.”
Serena bu sözləri ilə idmanda ikili standartlara diqqət çəkərək, özünün illər ərzində üzləşdiyi təzyiqləri xatırladıb.