More

    Avropa səhnəsində Azərbaycanın akrobatika zəfəri

    Azərbaycan akrobatika komandası növbəti dəfə qitə birinciliyində parlaq nəticə göstərərək beynəlxalq arenada öz gücünü sübut etdi. Lüksemburqda keçirilən Avropa çempionatında idmançılarımız ümumilikdə 8 medal qazanaraq ölkəmizin bayrağını ucaltdılar – 1 qızıl, 4 gümüş və 3 bürünc.

    Son illərdə dünya və Avropa yarışlarında stabil çıxışları ilə seçilən komanda bu dəfə də gözləntiləri doğrultdu. Ötən il Portuqaliyada baş tutan dünya çempionatında 8 medal qazanan milli, daha əvvəl 2023-cü ildə Bolqarıstanın Varna şəhərində keçirilmiş Avropa çempionatında da 7 qızıl və 2 gümüş medal əldə etmişdi.

    Qızıl medal sahibləri

    Turnirin əsas ümidlərindən olan qarışıq cütlük – Ağasif Rəhimov və Raziya Seyidli dinamik hərəkətlər proqramında birinci olaraq ölkəmizə yeganə qızıl medalı qazandırdılar. Çoxnövçülük yarışında isə bu duet dördüncü oldu.

    Gümüş və bürünc medallar

    İkiqat dünya çempionları olan kişi cütlük – Murad Rəfiyev və Daniel Abbasov bu dəfə üç hərəkətdə də ikinci yeri tutaraq üç gümüş medal qazandı. Digər bir güclü kollektiv olan kişi qrupumuz – Seymur Cəfərov, Abdullah Əl-Məşaihi, Rəsul Seyidli və Riyad Səfərov dinamik proqramda gümüş, balans hərəkətlərində isə bürünc medal əldə etdi.

    Abdullah Əl-Məşaihi komandada ən təcrübəli idmançıdır. O, əvvəllər qarışıq cütlükdə çıxış edib, Avropa Oyunlarının ikiqat mükafatçısı olub.

    Qadın və gənclər qruplarının nailiyyətləri

    Böyüklər arasında ilk dəfə çıxış edən qadın qrupumuz – Nəzrin Zeyniyeva, Zöhrə Rəşidova və Anahita Bəşirli üçün də turnir uğurlu alındı. Onlar dinamik proqramda bürünc medal qazandılar. Eyni zamanda, gənclər kateqoriyasında Diana Məmmədova, Firuzə Qasımzadə və Sofiya Babayeva triosu da üçüncülüklə fərqləndi.

    Növbəti hədəflər

    Yekun nəticədə Azərbaycan komandası Avropa çempionatını 8 medalla (1 qızıl, 4 gümüş, 3 bürünc) tamamladı. İdmançılarımızı qarşıda dünya kuboku mərhələləri və avqustda Çində keçiriləcək Ümumdünya Oyunları gözləyir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni