sport-az.com-in məlumatına görə, bunu “Qarabağ”ın oyunçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”u üstələdikləri görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada qeyd edib.
“Rəqibin geridönüş etməyə çalışacağını düşünürdük. Bunun üçün də çalışırdılar. Bizə qarşı yaxşı hazırlaşmışdılar. Xüsusən də ikinci matçda. Buna baxmayaraq, istədiyimiz nəticəni əldə etdik. Komandanın ağır çıxış etməsinin səbəbinə gəlincə isə, ola bilər ki, istinin də təsiri olsun. Həm də ikinci matçımız idi. Zaman keçdikcə daha yaxşı formaya düşəcəyik”.
Mustafazadə stadionun çəmən örtüyünün növbəti raundda komandaya problem yarada biləcəyi ehtimalına da münasibət bildirib.
“Ot örtüyünün vəziyyəti əvvəlki vaxtlarla müqayisədə bir az pisdir. Amma edə biləcəyimiz bir şey yoxdur. Necədirsə, elə də oynayacağıq”.
O, ən azı Konfrans Liqasında qrup mərhələsini təmin etdiklərini də vurğulayıb.
“Əlbəttə ki, hədəf Konfrans Liqasının əsas mərhələsi deyil. Çempionlar Liqasında əsas mərhələni istəyirik. Bunun üçün mübarizə aparacağıq”.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya klubu “Şkendiya” ilə qarşılaşacaq.



