Ukraynaya qarşı keçirilən matçda uduzmamaq prinsipini vurğulayan milli komandanın futbolçusu Abbas Hüseynov gələcək oyunlar üçün motivasiyanın artacağını bildirib.
O, sport-az.com saytına açıqlamasında komandanın döyüş ruhunu vurğulayıb: “Bilirsiniz ki, uduzmayan rəqib yoxdur. Sadəcə, istək lazımdır. Əgər istək, xarakter varsa, vuruşacaqsan. Vuruşdunsa, Allah tərəfindən mükafatlandırılacaqsan. Ona görə də hər oyuna çıxıb vuruşmaq lazımdır. Bunu etsən, öz üzərində işləsən, Allah da sənin mükafatını verəcək. Biz Ukraynaya qarşı meydanda döyüşdük. Düzdür, qələbə qazanmasaq da, bir xal əldə etdik”.
Müdafiəçi bir xalın komanda üçün kifayət etmədiyini əlavə edib: “Ağır oyun keçdi. Bir xal qazandıq. Bir bundan da yaxşı nəticə ola bilərdi. Sadəcə özümüzə güvəni artırmaq lazımdır. İnanıram ki, gələcək oyunlarda daha yaxşısını edərək yüksək nəticələr qazanacağıq. Bir xal bizə kifayət deyil. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oyunlarımızı keçirərək qələbələr qazanacağıq”.
Qeyd edək ki, DÇ-2026 seçmə mərhələsində keçirilən matç 1:1 hesabı ilə bitib, Azərbaycan ilk xalını qazanıb. Hüseynov start heyətdə yer alıb, Ayxan Abbasov isə müvəqqəti baş məşqçi kimi komandanı idarə edib.