Premyer Liqanın 2025/26 mövsümünün 5-ci turunun mərkəzi qarşılaşmasında “Arsenal” və “Mançester Siti” qalibi müəyyənləşdirməyib. “Emirates” stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.
Qonaqlar hesabı çox tez açıb – artıq 9-cu dəqiqədə Erling Haaland Ticiani Reyndersin ötürməsini qolla tamamlayıb. Norveçli hücumçu bu mövsümdə də bombardir keyfiyyətlərini nümayiş etdirdi.
Lakin matçın son dəqiqələri London klubunun xeyrinə olub. Əlavə olunan vaxtın 90+3-cü dəqiqəsində Ebereçi Ezenin ötürməsindən sonra Qabriel Martinelli fərqlənib və hesabı bərabərləşdirib.
Bu nəticədən sonra “Arsenal” 10 xalla turnir cədvəlində 2-ci yerdə qərarlaşıb. 7 xalı olan “Mançester Siti” isə 9-cu sırada qalıb. Lider isə bütün 5 oyununu qələbə ilə başa vuran “Liverpul”dur (15 xal).
Növbəti turda Xosep Qvardiolanın komandası 27 sentyabrda “Bernli”ni qəbul edəcək. “Topçular” isə bir gün sonra səfərdə “Nyukasl”la qarşılaşacaqlar.



