Monteneqronun Budva şəhərində davam edən U-15 Avropa boks çempionatında 1/4 final mərhələsi başa çatıb. Mərhələnin son günündə Azərbaycan millisinin daha bir oğlan boksçusu yarımfinala vəsiqə qazanıb.
66 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Müseyibli Estoniyadan olan rəqibi Vladimir Versesjanı ilk raundda tam üstünlüklə məğlub edərək həm yarımfinala yüksəlib, həm də ən azı bürünc medalını təmin edib. Yarımfinalda o, Türkiyə təmsilçisi Arda Fidanla qarşılaşacaq.
Qız boksçularımızın yarışında isə iki idmançımız finala adlayıb. 40 kq çəkidə yarışan Nəsrin Abdullazadə yarımfinalda İrlandiyadan Elliemay Feterstonu 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Onun finaldakı rəqibi İngiltərədən Madlin Laverik-Arnot olacaq.
75 kq çəkidə üstün performans göstərən Xumar Cəfərli Ukrayna boksçusu Alina Papaşvilini aktivinə yazaraq finala yüksəlib. Final mərhələsində isə onun rəqibi Türkiyədən Yağmur Eryurt olacaq.
Yarışda ümumilikdə 32 ölkədən 369 boksçu iştirak edir və oktyabrın 25-də sona çatacaq. Azərbaycan boksçularının uğurlu çıxışı milli boksun gələcəyi üçün ümidverici hesab edilir.



