Macarıstanın paytaxtı Budapeştdə Avropa Cüdo İttifaqının (EJU) konqresi keçirildi. Tədbir çərçivəsində təşkilatın prezidenti László Tot yenidən prezident seçildi və 2028-ci ilə qədər vəzifəsini davam etdirəcək.
Totun rəhbərliyi dövründə Avropa cüdosunun inkişafı üçün mühüm addımlar atılıb. Təkcə 2024-cü ildə 100-dən çox tədbir keçirilib. Yeni formatlar, o cümlədən Avropa Açıq Çempionatı, Adaptiv Cüdo Turu və 15 yaşadək cüdoçular üçün kubok yarışları təşkil edilib.
Azərbaycan EJU-nun əsas tərəfdaşlarından biri kimi seçilir. Son illərdə Gəncədə iki dəfə Gənclər arasında Avropa Kuboku keçirilib və beynəlxalq təlim-məşq toplantıları təşkil olunub. László Tot dəfələrlə Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycanda cüdonun beynəlxalq səviyyədə yüksəlişi xüsusilə diqqət çəkir. İki qızıl medal da daxil olmaqla, Olimpiya Oyunlarında əldə olunan uğurlar ölkəni bu idman növündə liderlərdən birinə çevirib.
EJU prezidenti Totun Azərbaycana olan rəğbəti təkcə cüdo ilə məhdudlaşmır. Onun həyat yoldaşının azərbaycanlı olması bu əlaqələri daha da gücləndirir. Bu yaxın əməkdaşlıq Azərbaycanın cüdo sahəsində daha böyük nailiyyətlərə imza atacağına işarədir.