İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında Azərbaycan güləşçiləri uğurlu nəticələr göstərməyə davam edir.
Azərbaycan Güləş Federasiyasının verdiyi məlumata əsasən, bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.
Azərbaycan güləşçilərinin nəticələri:
- Ayxan Cavadov (60 kq)
Final görüşündə isveçli Adam Silveri ilə qarşılaşan Ayxan rəqibini ilk xal prinsipinə əsasən 1:1 hesabı ilə məğlub edərək Avropa çempionu adını qazanıb. - Fəraim Mustafayev (67 kq)
Bürünc medal uğrunda döyüşdə türkiyəli Abdullah Keskinə qarşı mübarizə aparan Fəraim 7:5 hesablı qələbə ilə 3-cü yerin sahibi olub. - Seymur Qasımov (72 kq)
Yunanıstan təmsilçisi Arionas Kolitsopulosa qarşı keçirdiyi qarşılaşmada 1:3 hesabı ilə uduzan Seymur 5-ci yerdə qərarlaşıb. - Elmin Əliyev (82 kq)
Serbiyalı Oqnyen Yakovlyeviçə qarşı 10:0 hesabı ilə tam üstünlüklə qalib gələn Elmin də bürünc medal əldə edib.
Azərbaycan yığması bu mərhələdə bir qızıl və iki bürünc medalla yadda qalıb.



