Bakıda keçirilən “Azerbaijan Open 2026” qolf turniri başa çatıb. İki gün davam edən yarış Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən olan həvəskar qolfçuları bir araya gətirib.
2016-cı ildən “Dreamland Golf Club” tərəfindən təşkil edilən turnir artıq ənənəvi xarakter daşıyır. Budəfəki yarış “Azərsun Holding”, “PASHA Real Estate” və “Dreamland Baku”nun dəstəyi ilə keçirilib. İştirakçılar fərdi və komanda formatlarında öz bacarıqlarını nümayiş etdiriblər.
Komanda yarışında ilk üçlük bəlli olub
Turnirin ümumi çempionu Xəlil Hüseynov olub. Komanda yarışında da onun yer aldığı heyət birinci pilləni tutub. Qalib komandanın tərkibində Xəlil Hüseynovla yanaşı, İlqar Əhmədov, Elman Rzayev və Tofiq Əfəndizadə çıxış ediblər.
İkinci yeri Nitin Kapoor, Kim Kwang Il, Kim Changsoo və Sang Jun Parkdan ibarət komanda əldə edib. Chris Williams, Mark Taylor, Brian Lawson və Graham Beattie isə yarışı üçüncü pillədə tamamlayıblar.
“Azerbaijan Open 2026”nın tərəfdaşları sırasında Azərbaycan Qolf Federasiyası, “Dreamland Golf Club”, “Khazar Fabrication”, “Shura Links”, “Paragraph”, “Zala Springs Golf Resort”, “Dreamland Golf Hotel”, “IMG”, “Kaşıbeyaz Baku”, “Bazarstore”, “The National Azerbaijan Golf Club” və “Dream Body Athletic Club & Spa” yer alıb.
“Azerbaijan Open” artıq on ildir ki, Bakıda həvəskar qolfçular üçün beynəlxalq yarış imkanlarından birini yaradır. Turnirin ildən-ilə genişlənməsi yerli iştirakçılara xarici qolfçularla eyni meydanda yarışmaq və beynəlxalq turnir təcrübəsi toplamaq imkanı verir.
Yarış eyni zamanda Azərbaycanda qolfun tanıdılması, bu idman növünə marağın artırılması və ölkənin beynəlxalq qolf məkanı kimi təqdim olunmasına xidmət edir.





