Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Riççone şəhərində keçirilən “5th Aere Trampoline Cup” beynəlxalq turnirində uğurlu nəticələr göstəriblər. Təmsilçilərimiz fərdi və sinxron proqramlarda ümumilikdə 5 qızıl və 1 gümüş medal əldə ediblər.
Sinxron proqramda Azərbaycan gimnastları üç yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 13-14 yaş qrupunda Ömər Qasımlı və Muhamməd Həsənli 45,170 xal toplayaraq qızıl medal qazanıblar.
15-16 yaş kateqoriyasında Ammar Baxşalıyev və Fərhad Mustafayev 45,390 xalla bütün rəqiblərini qabaqlayıblar. 17-21 yaş qrupunda isə Hüseyn Abbasov və Maqsud Mahsudov 50,730 xal nəticə ilə birinci yeri tutublar.
Fərdi proqramda daha üç medal
Azərbaycan gimnastlarının uğurlu çıxışı fərdi yarışlarda da davam edib. Hüseyn Abbasov 57,950 xal toplayaraq qızıl medalın sahibi olub. Ammar Baxşalıyev də 53,300 xalla öz kateqoriyasında birinci yeri tutub.
Muhamməd Həsənli fərdi proqramda 49,290 xal əldə edib və yarışı ikinci pillədə başa vuraraq gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan millisinin medal hesabına sinxron proqramda 3 qızıl, fərdi yarışlarda isə 2 qızıl və 1 gümüş əlavə olunub.
“5th Aere Trampoline Cup” Dünya Gimnastikasının beynəlxalq turnirlər təqviminə daxil edilib və yarış İtaliyanın Riççone şəhərindəki Palazzo dello Sport di Riccione arenasında təşkil olunur.






