Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan güləş komandaları son məşq və hazırlıq mərhələsindədir. Qadın güləşçilərimiz U-23 dünya çempionatından sonra Göygöl Olimpiya İdman Kompleksində məşqlərini davam etdirirlər. Digər yığma komandalar isə Azərbaycan Güləş Federasiyasının təşkil etdiyi təlim-məşq toplanışındadır.
Hazırlıq prosesinə ölkə xaricindən gəlmiş komandalar da qoşulub. Yunan-Roma güləşçilərimiz Bolqarıstan və Əlcəzair idmançıları ilə birgə məşq edir. Bolqarıstan millisinin heyətində isə Tokio-2020 olimpiya çempionu Semyon Novikov (87 kq) da yer alır.
Sərbəst güləş komandamız isə Bəhreyn, Qazaxıstan və Əlcəzair təmsilçiləri ilə İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Bəhreyn millisində olimpiya, dünya və ikiqat Asiya çempionu Ahmed Tacuddinovun iştirakı diqqəti cəlb edir.
Təlim-məşq toplanışı noyabrın 14-də başa çatacaq və millilər növbəti gün Ər-Riyad şəhərinə yola düşəcəklər. Güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. Oyunlarda Azərbaycanın təmsilçilərindən biri də I dərəcəli hakim Bəşir İsazadədir.



